Abşeronda Zəfər Günü qeyd edildi
Gündəm
Xırdalanda Zəfər coşqusu: Abşeronda möhtəşəm bayram tədbiri keçirildi!
Expressxeberler.az xəbər verir ki, Abşeron rayonunda 8 Noyabr – Zəfər Günü böyük coşqu və təntənə ilə qeyd olunub.
Rayon sakinləri 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümünü qeyd etmək üçün Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına toplaşıblar.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, rayonun hüquq-mühafizə orqanlarının və regional idarələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və çoxsaylı rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhid ailələri, şəhid övladları, qazilər və rayon ictimaiyyəti Şəhidlər Xatirə Kompleksini ziyarət edərək Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini anıblar.
Bayram tədbiri tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə möhtəşəm konsert proqramı ilə davam edib. Səhnədə səslənən vətənpərvərlik mahnıları, musiqi və rəqs nömrələri Xırdalanda əsl bayram ab-havası yaradıb.
Çıxışlarda Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğu vurğulanıb.
Bildirilib ki, xalqımızın “Dəmir yumruq” ətrafında birləşməsi və ordumuzun misilsiz qəhrəmanlığı tarixi Zəfərin əldə olunmasında həlledici rol oynayıb.
Gecənin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub. Xırdalan sakinləri Zəfər Gününün sevincini birlikdə yaşayıblar.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin!
#Expressxeberler.az #ZəfərGünü #Xırdalan #Abşeron #Azərbaycan



