Taksi sürücüsündən əcnəbi turistlərə qarşı kobud davranış: 15 gün həbsƏ
Cəmiyyət
Əcnəbi ər-arvadı maşından düşürmədi: Bakıda taksi sürücüsü həbs olundu
Expressxeberler.az xəbər verir ki, Bakıda əcnəbi müştərilərlə kobud davrandığı bildirilən 62 yaşlı taksi sürücüsü Elşən Bağırov (şərti ad) inzibati qaydada həbs edilib.
Məlumata görə, hadisə Bakıya turist kimi gələn əcnəbi ər-arvadın taksi xidmətindən istifadə etdiyi zaman baş verib.
Şikayətçinin sözlərinə görə, sürücü əvvəlcə gediş üçün yüksək qiymət tələb edib. Daha sonra sərnişinlər kondisionerin qoşulmasını istəsələr də, sürücü bunun üçün əlavə ödəniş tələb edib.
Əcnəbilər əlavə ödəniş etməkdən imtina etdikdə səfəri kondisionersiz davam etdirməli olublar. Daha sonra təyinat yerini dəyişmək istəyən sərnişinlərdən sürücünün yenidən əlavə pul tələb etdiyi bildirilib.
Ər-arvad səfəri davam etdirmək istəmədiklərini bildirərək avtomobildən düşmək istəyiblər. İddiaya görə, sürücü isə avtomobilin qapılarını kilidləyərək onların düşməsinə imkan verməyib. Sərnişinlər sonradan qapını özləri açaraq avtomobildən düşüblər.
Şikayətçinin sözlərinə görə, bundan sonra sürücü onlara qarşı kobud ifadələr işlədib.
Saxlanılan sürücü məhkəmədə ittihamları qəbul etməyib. O, kondisionerin işləmədiyini və sərnişinlərin şikayətinin əsassız olduğunu bildirib.
Məhkəmə E. Bağırovun 15 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verib.
Expressxeberler.az olaraq hadisələrlə bağlı yenilikləri sizə çatdırırıq.



