“Bir dostluq, iki ölkə: Hindistan və Azərbaycan” – FOTOLAR
Gündəm
Expressxeberler.az xəbər verir ki, Hindistanın Azərbaycandakı Səfirliyi noyabrın 1-də Bakıda “Bir dostluq, iki ölkə: Hindistan və Azərbaycan” adlı rəsm sərgisi və ədəbi tədbir təşkil edib.
Tədbirin əsas məqsədi iki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri incəsənət və ədəbiyyat vasitəsilə nümayiş etdirmək olub.
Müxtəlif yaş qruplarından olan azərbaycanlı tələbə və gənc rəssamların iştirak etdiyi tədbirdə rəsm əsərləri sərgilənib, Hindistanın məşhur klassik ədəbi nümunəsi olan “Pançatantra”dan hekayələr oxunub.
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar çıxışında incəsənətin xalqları birləşdirən mühüm vasitə olduğunu bildirib. O, Azərbaycan və Hindistanın zəngin tarixi və mədəni ənənələrə malik olduğunu vurğulayıb.
Səfir Bakıdakı tarixi Atəşgah məbədini iki xalq arasında əsrlər boyu mövcud olmuş mədəni əlaqələrin nümunələrindən biri kimi qeyd edib. Məbəddəki hind mənşəli rəmzlər, Devanaqari yazısı ilə həkk olunmuş kitabələr və müxtəlif təsvirlərin tarixi əlaqələri əks etdirdiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində səfir Abhay Kumarın iştirakı ilə “Pançatantra” əsərindən hekayələrin interaktiv oxu sessiyası keçirilib. Azərbaycanda “Kəlilə və Dimnə” adı ilə tanınan bu əsərin dostluq, müdriklik və insan münasibətləri haqqında verdiyi mesajlar iştirakçıların marağına səbəb olub.
Proqram zamanı qonaqlar Hindistanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələrinə həsr olunan sərgi ilə də tanış olublar. Həmçinin Hindistan musiqisi və rəqslərini əhatə edən canlı çıxış təqdim edilib.
Tədbirin sonunda gənc rəssamlara iştirak sertifikatları təqdim olunub.
Hindistan Səfirliyi bu təşəbbüslə iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, xüsusilə gənclər arasında qarşılıqlı tanışlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyib.




Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Hindistan #Azərbaycan #Mədəniyyət #Expressxeberler #Expressxeberler.az



