İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə 20 milyon dollar MÜKAFAT
Gündəm
ABŞ-dən İrana qarşı diqqətçəkən addım: Məlumat verənlərə 20 milyon dollar təklif olunur
ABŞ Dövlət Departamenti İranın nüvə proqramı ilə bağlı məlumat təqdim edən şəxslərə 20 milyon dollara qədər mükafat vəd edib.
Expressxeberler.az xəbər verir ki, mükafat İranın nüvə obyektləri, istifadə olunan avadanlıqlar, onların yerləşdiyi ərazilər və proqramla əlaqəli şəxslər barədə məlumatlara görə nəzərdə tutulub.
Təşəbbüs Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramı çərçivəsində həyata keçirilir. ABŞ hökuməti müvafiq məlumatları təqdim edən şəxslərin başqa ölkəyə köçürülməsinə də yardım göstərməyə hazır olduğunu açıqlayıb.
Dövlət Departamentinin açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci ildə yaydığı məlumatlara istinad edilib. Bildirilib ki, İran uranı 60 faizə qədər zənginləşdirib. Bu göstərici nüvə silahı istehsalı üçün tələb olunan təxminən 90 faizlik səviyyəyə yaxındır.
ABŞ tərəfi İranın nüvə silahına malik olmayan dövlətlər arasında uranı bu qədər yüksək səviyyədə zənginləşdirən yeganə ölkə olduğunu vurğulayıb.
Açıqlamada İranın BAEA qarşısındakı öhdəliklərini yerinə yetirməməsi nəticəsində agentliyin ölkədə sentrifuqaların istehsalı və ehtiyatları barədə məlumatları davamlı izləmək imkanının məhdudlaşdığı da qeyd olunub.
İran isə öz növbəsində nüvə silahı əldə etmək niyyətində olmadığını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiq qaldığını dəfələrlə bəyan edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi “Rewards for Justice” proqramının saytında da İranın nüvə proqramı ilə bağlı məlumatlara görə 20 milyon dollara qədər mükafat və mümkün köçürülmə yardımı təklif edildiyi təsdiqlənib.
#ABŞ #İran #NüvəProqramı #DövlətDepartamenti #DünyaXəbərləri
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



