Səhər qəhvə içəndən sonra niyə tualetə getmək istəyirik?
Cəmiyyət
Səhər qəhvə içəndən sonra niyə tualetə getmək istəyirik?
Expressxeberler.az xəbər verir ki, səhər yuxudan oyandıqdan sonra içilən bir fincan qəhvə bir çox insanda böyük bayıra çıxmaq istəyini yaradır. Bu reaksiyanın arxasında bir neçə fizioloji proses dayanır.
Gecə saatlarında yoğun bağırsağın fəaliyyəti zəifləyir, oyandıqdan sonra isə yenidən aktivləşir. Qəhvə bu prosesi daha da sürətləndirir. Mədəyə daxil olan maye qastrokolik refleksi işə salaraq yoğun bağırsağın yığılmalarını gücləndirir.
Maraqlıdır ki, qəhvə içildikdən cəmi dörd dəqiqə sonra bağırsaqların hərəkət aktivliyi arta bilər. Bu təsir yalnız kofeinlə bağlı deyil. Kofeinsiz qəhvə də bağırsaq fəaliyyətini stimullaşdırır, lakin təsiri təxminən 23 faiz daha zəif olur.
Alimlər bu reaksiyanı qəhvənin tərkibindəki üzvi və xlorogen turşular, eləcə də qastrin və xolesistokinin kimi həzm hormonlarının ifrazı ilə əlaqələndirirlər.
Qəhvənin təsiri hər insanda fərqlidir. Həzm sisteminin xüsusiyyətləri, içkinin tündlüyü və miqdarı bu prosesə təsir göstərir. Laktozaya dözümsüzlüyü olan insanlarda qəhvəyə əlavə edilən süd köp, spazm və ishala səbəb ola bilər.
Qıcıqlanmış bağırsaq sindromu olan şəxslər də qəhvəyə qarşı daha həssas ola bilərlər. Belə hallarda qarın ağrısı və nəcis ifrazında pozuntular müşahidə edilə bilər.
Mütəxəssislərin sözlərinə görə, qəhvə mədə yanması və ya digər narahatlıqlar yaratmırsa, onu acqarına içməkdən mütləq imtina etməyə ehtiyac yoxdur. Həssas mədəsi olanlara isə qəhvəni səhər yeməyi zamanı və ya yeməkdən sonra içmək tövsiyə edilir.
Sağlam yetkin insanlar üçün gündəlik kofein qəbulunun 400 milliqramı keçməməsi məsləhət görülür. Bu miqdar qəhvənin növündən və tündlüyündən asılı olaraq təxminən 2–4 fincana uyğun gələ bilər.
Şiddətli qarın ağrısı, uzunmüddətli ishal, nəcisdə qan və ya səbəbsiz çəki itkisi müşahidə olunarsa, tibbi müayinədən keçmək vacibdir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler #Qəhvə #Sağlamlıq



