Ustanı xüsusi amansızlıqla qətlə yetirən şəxsə ittiham aktı elan edilib
Gündəm
Bakıda qonşusunu 36 bıçaq zərbəsi ilə öldürən şəxsin məhkəməsi başladı
Expressxeberler.az xəbər verir ki, Bakıda qonşusu Xalid Bağırovu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
Vaxt məhdudiyyəti səbəbindən Ceyhun Babayevin sərbəst ifadəsinin dinlənilməsi növbəti məhkəmə iclasına saxlanılıb. Növbəti proses dekabrın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı il iyulun 11-də Bakının Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində baş verib. Həmin ərazidə yaşayan 45 yaşlı Xalid Bağırovun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
İstintaq materiallarına əsasən, hadisə internet kabelinin çəkilişi zamanı yaranan mübahisə zəminində baş verib. Belə ki, kabel qırıntılarının küçəyə düşməsi tərəflər arasında narazılığa səbəb olub. Mübahisədən sonra Ceyhun Babayevin qonşusunun evinə daxil olaraq ona çoxsaylı bıçaq zərbələri endirdiyi bildirilir.
Məlumata görə, ekspertiza zamanı Xalid Bağırovun bədənində 36 bıçaq xəsarəti aşkarlanıb.
Ceyhun Babayev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 1-də keçiriləcək.
#Bakı #Qətl #Məhkəmə #Expressxeberler.az



