RT China rəhbəri: Xarici bazarlarda uğur üçün əməkdaşlıq əsasdır
RT China-nın baş direktoru və “Rusiyaya Pəncərə” layihəsinin baş redaktoru Vsevolod Pulya beynəlxalq bazarlara çıxmaq istəyən media qurumlarının auditoriya qazanmaq strategiyasından əməkdaşlıq modelinə keçməsinin vacibliyini bildirib.
Expresseberler..az xəbər verir ki, Pulya Çindəki fəaliyyətlərinin əvvəlcə satış bazarının fəthi kimi deyil, tərəfdaşlıq üzərində qurulduğunu deyib.
“Biz dərhal Çini fəth etməli olduğumuz bir bazar kimi deyil, əməkdaşlıq etməli olduğumuz bir bazar kimi gördük”, – deyə Pulya bildirib.
Onun sözlərinə görə, bunun nümunələrindən biri Jiangxi Əyalət Televiziyası ilə birgə hazırlanan “Zaman və Məkanda Melodiyalar” musiqi layihəsidir. Rus və çinli sənətçiləri bir araya gətirən layihə yüz milyonlarla baxış toplayıb.
Pulya xarici bazarlarda kontent hazırlayanları iki ifrat yanaşmadan çəkinməyə çağırıb. O, kontenti heç bir dəyişiklik etmədən təqdim etməyin, eləcə də onu tamamilə dəyişdirməyin uğursuzluğa səbəb ola biləcəyini qeyd edib.
RT China rəhbəri sosial media dövründə müxbirlərin rolunun da dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, Çin redaksiyasında jurnalistlər yalnız xəbər hazırlamır, həm də sosial şəbəkələr üçün müxtəlif formatlarda kontent yaradırlar.
Pulya müxbir Alina Salionovanı nümunə göstərərək onun Rusiya siyasəti, mədəniyyəti və beynəlxalq münasibətlərlə yanaşı, gündəlik həyat və mühüm tədbirlərin pərdəarxası görüntülərini də təqdim etdiyini bildirib.
Qeyd olunub ki, Çinin aparıcı sosial şəbəkələrindən olan Weibo Alina Salionovanı bir sıra mühüm tədbirlər zamanı izlənilməsi tövsiyə olunan jurnalistlər siyahısına daxil edib.



