ŞƏT-dən nüvə obyektlərinə hücumlarla bağlı sərt mövqe
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev dinc nüvə obyektlərinə hücumları və belə hücumlarla bağlı təhdidləri qətiyyətlə pisləyib.
Expressxeberler.az xəbər verir ki, Yermekbayev Pekində keçirilən 13-cü Xiangşan Təhlükəsizlik Forumunda bildirib ki, dinc nüvə obyektlərinə hücumlar beynəlxalq hüququn pozulmasıdır.
“Biz dinc nüvə obyektlərinə edilən hücumları və hücum təhdidlərini beynəlxalq hüququn pozulması kimi qətiyyətlə pisləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, 13-cü Xiangşan Təhlükəsizlik Forumu sentyabrın 15-dən 17-dək Pekində keçirilir. Tədbirdə Rusiya da daxil olmaqla, təxminən 100 ölkədən nümayəndə heyətləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.
Bundan əvvəl Çinin müdafiə naziri Donq Cun bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarını nəzərə alan davamlı regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasının vacibliyini bildirib.

