Təyyarə Misirə çatanda Bakıya geri döndü, istirahət günü məhv oldu – AZAL-dan şikayət!
Hadisə
Expressxeberler.az xəbər verir ki, vətəndaş Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı ciddi sərnişin narazılığı yaşadığını bildirərək redaksiyamıza müraciət edib.
Vətəndaşın sözlərinə görə, 4 noyabr 2026-cı il tarixində ailəsi ilə birlikdə Bakı–Şarm əl-Şeyx istiqamətində J2 055 reysi ilə səyahət edərkən təyyarə texniki problem səbəbindən geri qayıdıb.
Müraciətdə qeyd olunur ki, təyyarə Bakıdan havaya qalxdıqdan sonra Türkiyə üzərində pilot texniki problem yarandığını elan edib və uçuş yenidən Bakıya istiqamətləndirilib. Sərnişinlərə problemin mahiyyəti barədə ətraflı məlumat verilməyib. Uzun müddət davam edən qeyri-müəyyənlik, tualetdən istifadə ilə bağlı çətinliklər və bəzi sərnişinlərin özlərini pis hiss etməsi narahatlıq yaradıb.
Vətəndaş bildirib ki, təyyarə Bakıya endikdən sonra da sərnişinlərə aydın izahat verilməyib. Uçuşun saat 12:00-da həyata keçiriləcəyi bildirilsə də, faktiki uçuş təxminən iki saat gecikib.
Ailədə iki azyaşlı uşağın olduğunu vurğulayan şikayətçi, ümumilikdə təxminən 8 saat davam edən proses nəticəsində Şarm əl-Şeyxdə əvvəlcədən ödəniş edilmiş 7 gecəlik istirahətin ilk gününü demək olar ki, tamamilə itirdiklərini qeyd edib. Onlar otelə yalnız axşam saatlarında çata biliblər.
Vətəndaşın sözlərinə görə, AZAL-a rəsmi şikayət ünvanlanıb və müraciətə 3897710 nömrəsi verilib. Lakin şirkətin cavabında hadisənin nəzarətdən kənar səbəblərlə baş verdiyi bildirilib. Təyyarənin geri qayıtmasına səbəb olan konkret texniki problem açıqlanmayıb, itirilmiş otel gecəsi ilə bağlı maddi zərərin qarşılanmasına isə müsbət yanaşılmayıb.
Şikayətçi sərnişinlərə hadisə ilə bağlı aydın izahat verilməsini, uçuş zamanı və hava limanında düzgün məlumatlandırılmanı, həmçinin itirilmiş otel gecəsinə görə maddi zərərin obyektiv qiymətləndirilməsini tələb edir.
Vətəndaş məsələ ilə bağlı uçuş biletlərini, minik talonlarını və AZAL ilə yazışmalarını təqdim etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, məsələ vətəndaşın redaksiyamıza ünvanladığı müraciət əsasında işıqlandırılır. AZAL-ın mövqeyini dərc etməyə hazırıq.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler #AZAL #Bakı #ŞarməlŞeyx



