COVID-19 pandemiyası yeniyetmələri daha tez qocaltdı – ARAŞDIRMA

IMG_4772 Cəmiyyət
02:43

COVID-19 pandemiyası yeniyetmələri daha tez qocaltdı – ARAŞDIRMA

Expressxeberler.az xəbər verir ki, COVID-19 pandemiyasının yaratdığı stress bioloji qocalmanı sürətləndirib. ABŞ Milli Elmlər Akademiyasının Əsərləri (PNAS) jurnalında dərc olunan araşdırmada bu təsirin xüsusilə yeniyetmələrdə daha qabarıq olduğu müəyyən edilib.

Almaniyada 1000-dən çox insanın iştirakı ilə aparılan tədqiqat zamanı iştirakçıların tüpürcək nümunələri təhlil olunub. Pandemiyadan əvvəl və sonra götürülən nümunələr müqayisə edilərək DNT-də yaşlanma ilə əlaqəli dəyişikliklər qiymətləndirilib.

Tədqiqatçılar uşaqları, yeniyetmələri və 20-29 yaş arası gəncləri üç qrupa ayırıblar. 2020-ci ilin mart ayında tətbiq edilən ilk karantindən əvvəlki nümunələr 2021-2022-ci illərdə götürülən nümunələrlə müqayisə edilib.

Nəticələr göstərib ki, pandemiya zamanı yaşanan stresslə bioloji qocalma arasındakı əlaqə ən aydın şəkildə yeniyetmələrdə müşahidə olunub. Xüsusilə azadlıqlarının məhdudlaşdırılması və yaxınlarından ayrı qalmaqdan daha çox təsirlənən yeniyetmələrdə bioloji qocalmanın sürətlənməsinə dair ciddi göstəricilər qeydə alınıb.

Araşdırmanın aparıcı müəllifi, Münhendəki Maks Plank Psixiatriya İnstitutunun neyrobioloqu Alisiya Şove yeniyetməlik dövrünün stressin təsirlərinə qarşı daha həssas ola biləcəyini bildirib.

Alimlər bu həssaslığın yeniyetməlik zamanı orqanizmdə baş verən dəyişikliklər və karantin dövründə həmyaşıdları ilə ünsiyyətin məhdudlaşması ilə əlaqəli ola biləcəyini düşünürlər.

Tədqiqatda bioloji qocalmanın sürətlənməsi ilə əlaqəli digər amillər arasında yüksək bədən kütlə indeksi və siqaret tüstüsünə məruz qalma da göstərilib.

Mütəxəssislər pandemiya zamanı fiziki aktivliyin azalması və çəki artımının da bioloji qocalma göstəricilərinə təsir etmiş ola biləcəyini vurğulayıblar.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #COVID19 #Araşdırma #Sağlamlıq

150 baxış
Paylaş: