Bir paytaxt uğrunda 80 min əsgər itirən SSRİ – 108 günlük savaş və Stalin dəhşətləri!

IMG_1370 Hərbi
10:46

Budapeşt uğrunda 108 gün davam edən qanlı döyüş: 150 mindən çox insan öldü

Expressxeberler.az xəbər verir ki, 1944-cü il oktyabrın 29-da İkinci Dünya müharibəsinin Avropa cəbhəsində ən uzun və qanlı şəhər döyüşlərindən biri olan Budapeşt hücum əməliyyatı başlayıb.

Sovet qoşunlarının Macarıstan paytaxtını ələ keçirmək məqsədilə başlatdığı əməliyyat 1945-ci il fevralın 13-dək davam edib. 108 gün sürən döyüşlər nəticəsində Budapeşt alman və macar qoşunlarından təmizlənib.

Əməliyyat zamanı şəhər tamamilə döyüş meydanına çevrilib. Alman və macar qüvvələri küçələrdə, yaşayış binalarında və tarixi tikililərdə möhkəmlənərək müqavimət göstəriblər. Sovet qoşunları isə şəhəri ələ keçirmək üçün ağır döyüşlər aparıb.

1944-cü il dekabrın 26-da Budapeşt mühasirəyə alınıb. Alman qüvvələrinin mühasirəni yarmaq üçün keçirdiyi üç böyük əməliyyat uğursuzluqla nəticələnib.

Döyüşlər zamanı Dunay üzərindəki tarixi körpülər partladılıb, Buda qalası və Kral sarayı da daxil olmaqla çoxsaylı tarixi tikililər dağıdılıb.

Mühasirə zamanı şəhərdə qalan yüz minlərlə mülki sakin ərzaq, su və dərman çatışmazlığı ilə üzləşib. Nasistlərin dəstəklədiyi silahlı dəstələr isə yəhudi əhaliyə qarşı kütləvi qətliamlar törədib.

1945-ci il fevralın 11-də mühasirədən çıxmaq üçün son böyük cəhd də uğursuz olub. Fevralın 13-də şəhərdəki son müqavimət ocaqları da susdurulub.

Tarixi hesablamalara görə, əməliyyat zamanı sovet qoşunlarının ümumi itkisi 320 min nəfəri ötüb. Bu rəqəmə həlak olanlar, yaralananlar, itkin düşənlər və xəstələnənlər daxildir.

Bəzi tarixçilərin hesablamalarına əsasən, döyüşlərdə ümumilikdə 150 mindən çox hərbçi və mülki sakin həyatını itirib.

Budapeştin alınması Almaniya üçün mühüm strateji məğlubiyyət olmaqla yanaşı, sovet qoşunlarının Vyana istiqamətində irəliləməsinə də şərait yaradıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Tarix #Budapeşt #İkinciDünyaMüharibəsi #Expressxeberler #Expressxeberler.az

287 baxış
Paylaş: